news-details

Özbəkistanda təyyarə reysləri və ölkə ərazisində dəmiryolu ilə sərnişin daşımalar bərpa edilib

İyunun 15-dən Özbəkistan sanitar-epidemioloji vəziyyəti yaxşılığa doğru gedən ölkələrlə təyyarə reyslərini bərpa edib.

Xbr.az Özbəkistanın koronavirusla bağlı Xüsusi Komissiyasına istinadla xəbər verir ki, bu xidmətdən diplomatlar və onların ailələri, Özbəkistana sərmayə qoyan xarici şirkətlərin mütəxəssisləri, tranzitlə Özbəkistandan digər ölkələrə gedən xarici ölkə vətəndaşları, Özbəkistandan müalicə üçün gedənlər və ya ölkəyə gələnlər, təhsil və iş məqsədilə ölkədən çıxanlar istifadə edə bilərlər.

Vurğulanır ki, Özbəkistana yaşıl zona hesab edilən Yaponiya, Cənubi Koreya və Çindən gələnlər karantinə alınmır.

Avropa İttifaqının üzvü olan ölkələr, həmçinin Malayziya, Tailand və Sinqapur sarı zona hesab edilir və bu dövlətlərdən ölkəyə gələnlər 14 günlük ev karantinində saxlanılacaqlar.

Qırmızı zona sayılan Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İran, Əfqanıstan və digər ölkələrdən gələnlər isə stasionarlarda 14 günlük karantinə yerləşdiriləcək.

Bu gündən, həmçinin ölkədə sarı və yaşıl zonalarına aid olan ərazilərdə sanitar-gigiyena qaydalarına əməl edilməklə dəmiryolu ilə sərnişin daşımaları da bərpa olunub. Hələlik “Əfrasiyab” sürət qatarlarında Daşkənd-Səmərqənd-Daşkənd, eləcə də Daşkənddən Buxara, Xivə, Termez, Nukus, o cümlədən Əndicandan Xivə, Buxara və Termez istiqamətlərinə və geriyə sərnişin daşımaları həyata keçiriləcək.


Hibya Haber Ajansı